İctimai Elmlər Bölməsinin büro iclası keçirilib 04.10.2019 17:05 / KONFRANSLAR, İCLASLAR

AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) büro iclası keçirilib.

İclasda bölmənin büro üzvləri, elmi müəssisələrin direktor və direktor müavinləri, aidiyyatı üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Nərgiz Axundova iştirakçılara büro iclasının gündəliyində duran məsələlər barədə ətraflı məlumat verib, görüləcək işlərdən danışıb.

İlk elmi-təşkilati məsələ Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi olub.

Akademik N.Axundova iclasda akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şərqşünaslıq elminin nəzəriyyəsi adlı şöbənin yaradılmasından bəhs edərək vurğulayıb ki, müxtəlif elmi istiqamətlərdə nəzəriyyənin gücləndirilməsi, nəzəri problemlərin aradan qaldırılması və yeni tədqiqatlar ortaya qoymaq məqsədilə nəzəriyyəyə dair şöbələrin təşkili zəruri hesab edilir.

Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ “Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən “Elmi Tədqiqat Proqramı”nın hazırlanması ilə bağlı olub. Elmi işlərlə əlaqəli proqramların formalaşdırılmasından danışan akademik-katib müxtəlif elmi tədqiqat müəssisələrindən mütəxəssislərin bu proqramın tərtibinə cəlb olunmasının, eləcə də arxeoloq, etnoqraf, zooloq, dilçi və incəsənət nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının əhəmiyyətindən söz açıb.

Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı xalçaşünaslığın zoologiya elmi ilə birbaşa əlaqəli olduğunu, ekoloji təmiz xammal əldə etmədən xalça hazırlamağın mümkün olmadığını, qoyunların yunlarındakı parazitlərə qarşı mübarizə aparmaqla yüksək keyfiyyətli yun alına biləcəyini bildirib.

İclasda bir sıra kadr məsələlərinə də toxunulub. Bölmə üzrə doktorantların dissertasiya mövzularının adlarının dəyişdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda AMEA-nın müxbir üzvləri – Hacıfəxrəddin  Səfərlinin 70 illik  və Məsumə Məlikovanın 90 illik yubileylərinin təşkili barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağından danışılıb. Həmçinin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar Tədbirlər planı ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.