Akademik Şahin Mustafayev UNESKO-nun tədbirində iştirak edib 30.09.2019 12:48 / KONFRANSLAR, İCLASLAR

İranın Həmədan şəhərində UNESKO-nun Dünya İrsi Siyahısına dair İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinin 6-cı toplantısı keçirilib. Tədbirdə tarixi İpək Yolu üzərində yerləşən 14 ölkənin və UNESKO, İKOMOS kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Toplantıda ölkəmizi ekspert qismində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

Ş.Mustafayev məruzəsində Azərbaycanda İpək Yolu mövzusunda aparılan elmi tədqiqatlar, ölkəmizin UNESKO-nun İpək Yolu seriya nominasiyası layihəsində iştirak imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə məlumat verib. 

Azərbaycanlı alimin çıxışı toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru M.Rösslerə ünvanladığı 2019-cu il 18 sentyabr tarixli məktubuna əsasən Azərbaycanın rəsmi şəkildə İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinə üzv olması açıqlanıb. 

Toplantının əsas məqsədi layihəyə üzv ölkələrdə İpək Yolu ilə bağlı tematik tədqiqatların genişləndirilməsi və təkmilləşdirilməsi məsələlərini müzakirə etməklə Dünya İrsi Siyahısına daxil olan abidələrin mövcud vəziyyətini araşdırmaq olub. Həmçinin üzv ölkələr tərəfindən bu sahədə İpək Yolu nominasiyalarının hazırlanmasında əldə edilən nailiyyətləri və rast gəlinən problemləri dəyərləndirmək idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.