İnteraktiv açıq dərsdə Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyindən danışılıb 26.09.2019 12:35 / KONFRANSLAR, İCLASLAR

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında cari ilin ilk dərsi təşkil edilib.

“Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: flora və faunanın nadir növləri” mövzusunda keçirilən dərsdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bu diyarın biomüxtəlifliyinə daxil olan flora və faunanın nadir növləri, onların müasir vəziyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verib.

Akademik Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olduğunu deyərək, ekologiyamızın qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.

T.Talıbov muxtar respublikanın coğrafi mövqeyi, təbiəti, flora və faunası, xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumat verərək, müxtəlif illərdə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi istiqamətində mühüm qanun və qərarların qəbul edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, muxtar respublikanın təbiəti, heyvanlar aləmi, həmçinin ərazidəki onurğalı və onurğasız heyvan növləri öyrənilir, regionda yayılan qiymətli meyvə sortlarının genefondu toplanılır, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növləri qorunur, onların mühafizə yolları araşdırılır. Bundan əlavə, flora və faunaya dair kitab və monoqrafiyalar, habelə Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları hazırlanıb nəşr olunur.

Dərsdə Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların nəticələri fotoşəkillər və videoslaydlar vasitəsilə şagirdlərin diqqətinə çatdırılıb.

Dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəblərində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.