Şəki Regional Elmi Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti seminar keçirilib 19.09.2019 09:34 / KONFRANSLAR, İCLASLAR

AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) “Nəsimi ili” çərçivəsində dahi şairin yaradıcılığına həsr olunan növbəti seminar keçirilib. 

Tədbirdə ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarının əhəmiyyətini qeyd edib. O, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə məlumat verib.

Daha sonra mərkəzin Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov “Nəsimi yaradıcılığında lirik qəhrəman – “İlahi eşq”in yeri" mövzusunda məruzə ilə çıxış edib.

K.Adışirinov İmadəddin Nəsiminin Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğunu söyləyib. Bildirib ki, Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının incilərindən sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. “Eşq ilə vasil olurlar Tanrıya” deyən şair insanın yaradılışının mənbəyini eşqdə görür.

Seminarda, həmçinin ŞREM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri, doktorant Pakizə Zakirovanın “Təsəvvüf ədəbiyyatının mahiyyəti: Təsəvvüf əhlinin sevgi hədəfi. Sufizmin hurifizm qolu. Nəimi Astrabadinin görüşləri” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.