ŞREM ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlığa dair prioritet istiqamətlər müzakirə olunub 10.09.2019 14:36 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında 2019-cu ildə bağlanmış birgə əməkdaşlığa dair müqaviləyə əsasən görüləcək prioritet istiqamətlər üzrə müzakirələr aparılıb.

Müzakirələrdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və aparıcı elmi işçi, dosent Nurməmməd Mustafayev, ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və digər şəxslər iştirak ediblər.

Müzakirələr nəticəsində ŞREM-də ilk dəfə olaraq tədqiqinə başlanmış palıd ipək qurdunun, o cümlədən tut ipək qurdunun 19 cins və hibridinin molekulyar genetik analizi və pasportlaşdırılması qərara alınıb. Bundan əlavə, fındıq qabığından əldə olunmuş bioekstraktın bioloji fəal maddələrinin tədqiqi və identifikasiyası qərarlaşdırılıb. Razılaşmaya əsasən, amarant bitkisindən alınmış yağın antioksidant xüsusiyyətlərinin və təsiredici maddəsi olan skvalenin tədqiqi də aparılacaq.

Sonda tərəflər müqavilə öhdəliklərindən irəli gələn digər istiqamətlər üzrə gələcəkdə birgə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.