“Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” kitabı Almaniyada nəşr olunub 10.09.2019 12:04 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyası Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən türk dilində nəşr edilib.

Kitabda Oğuz dilləri ailəsinə daxil olan Azərbaycan dilinin inkişaf tarixindən bəhs edilib, həmçinin ümumtürk dilləri kontekstində qədim türk abidələri, müasir türk dilləri və onların dialektləri müqayisəli şəkildə tədqiqata cəlb olunub. Zəngin dialektoloji materiallar əsasında Naxçıvan və Şərqi Anadolu dialektlərinin ortaq türk mədəniyyətində rolu araşdırılıb və faktlarla sübuta yetirilib.

Monoqrafiyada Naxçıvan dialekt və şivələrindəki termin səciyyəli sözlərin müqayisəli tədqiqi göstərir ki, qədim  dil elementləri ən çox bu bölgədə qorunub saxlanılıb. Vəsait Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lügətçiliyimiz, şifahi söz sənətimiz, bütünlükdə xalqımızın soy kökü, etnoqrafiyası, tarixi üçün faydalıdır.

Nəşr dialektologiya fənninin tədrisi, ali məktəb tələbələri, müəllimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.