Bolqarıstan-Azərbaycan elmi əlaqələri müzakirə olunub 05.09.2019 16:33 / KONFRANSLAR, İCLASLAR

Sentyabrın 5-də AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bolqar alimlərin iştirakı ilə elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq Bolqarıstan-Azərbaycan elmi əlaqələrindən, bu sahədə görülən işlərdən danışıb. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan və Bolqarıstan alimlərinin birgə çalışmalarının uğurlu addım olduğunu diqqətə çatdırıb.  

Akademik D.Tağıyev AMEA ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş layihədən də söz açıb. O, sözügedən layihə çərçivəsində BEA ümumi yığıncağının sədri, akademik Yevgeni Budevski adına Elektrokimya və Energetik Sistemlər İnstitutunun direktoru, professor Evelina Slavçeva və institutun elmi işçisi Elitsa Petkuçevanın ölkəmizdə səfərdə olduğunu deyib.

D.Tağıyev rəhbərlik etdiyi institutla BEA-nın Elektrokimya və Energetik Sistemlər İnstitutu arasında aparılmış birgə elmi-tədqiqatlardan da bəhs edib.

Daha sonra professor Evelina Slavçeva BEA-nın yaranma tarixi, inkişaf istiqamətləri, son illər ərzində bu qurumda həyata keçirilmiş köklü islahatlar, həmçinin təmsil etdiyi institutda aparılan fundamental və tətbiqi xarakterli işlərə həsr olunan “Bolqarıstan Elmlər Akademiyası və  Elektrokimya və Energetik Sistemlər İnstitutundakı son nailiyyətlər” adlı məruzəsini təqdim edib. Məruzəçi bərk polimer elektrolitlərdə suyun elektrolizi prosesinin fundamental, elmi-praktik tərəfləri və alınmış nəticələr barədə məlumat verib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Tədbirdə, həmçinin BEA-nın Elektrokimya və Enerji sistemləri İnstitutunun  elmi işçisi Elitsa Petkuçevanın “Suyun fotoelektrokimyəvi parçalanması prosesində FeSe-nin Fotoabsorber kimi tətbiqi” mövzusunda məruzəsi dinlənilib. Alim alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, ekoloji baxımdan təmizliyi, gələcəyin enerji mənbəyi olan hidrogenin fotoelektrokimyəvi yolla alınmasının elmi əsaslarını qeyd edərək, alınmış nəticələri diqqətinə çatdırıb.

Seminarın sonunda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı çıxış edərək müəssisələr arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.