Səmərqənddə keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak edib 27.08.2019 15:52 / KONFRANSLAR, İCLASLAR

UNESKO-nun himayəsi altında Səmərqənddə “Maddi və qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Konfransı Özbəkistanın Baş Naziri Abdulla Aripov açaraq maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkədə görülən işlər barədə məlumat verib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Sonra çıxış edən UNESKO-nun Baş direktoru Odri Azule bildirib ki, maddi və qeyri-maddi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun inkişafında universal dil olan musiqinin inkişafı sahəsində Özbəkistanda çox işlər görülüb. 

Səmərqəndi “Şərqin mirvarisi” adlandıran MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, hər dəfə bu qədim şəhərə gələndə, onun təkrarsız abidələrinə baxmaq heyranlıq doğurur.

Dünyanın 30-dan artıq ölkəsindən olan şərqşünas alim və ekspertin qatıldığı beynəlxalq tədbirdə maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində səmərəli müzakirələr aparılıb. 

Konfransın bölmələr üzrə keçirilən iclaslarında Azərbaycan alimlərinin çıxışları da dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.