Cenevrədəki BMT bölməsinin nümayəndələri Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar 11.07.2019 10:49 / KONFRANSLAR, İCLASLAR

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, Kenyanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Kleopa Mailu, daimi məsləhətçisi Daniel Kottut, Gürcüstanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Viktor Dolidze, Qananın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi məsləhətçisi Jozef Ovusu-Ansah və Universal Hüquqlar Qrupunun icraçı direktoru Mark Limon AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində (MAƏM) olublar.

Qonaqlar muzeyin zəngin eksponatlarına baxıb, qədim maddi-mədəniyyət nümunələri, nadir xalçalar, nəfis miniatürlər və rəsm əsərləri ilə tanış olublar. Bundan əlavə, diplomatlara Azərbaycan ərazisində mövcud olmuş qüdrətli dövlətlər, xalqımızın qədim dövlətçilik ənənələri haqqında məlumat verilib. Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və Əlimərdan bəy Topçubaşovun irsinə böyük maraq göstərən nümayəndələr muzeyin zəngin eksponata malik olduğunu bildiriblər.

Sonda qonaqlara MAƏM-in direktoru, akademik Rafael Hüseynovun muzeyin yaranma tarixi və ekspozisiyası haqqında məlumat kitabı olan “Söz məbədi” bələdçi-bukleti və “Nəsimi ili” çərçivəsində çap olunan “2019-cu ilin təqvimləri” hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.