Azərbaycanlı alimin malyariya vaksininin hazırlanması ilə bağlı tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub 10.07.2019 17:15 / KONFRANSLAR, İCLASLAR

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun malyariya vaksininin hazırlanması ilə bağlı apardığı tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə Böyük Britaniyanın "Nature" jurnalları ailəsindən olan nüfuzlu "Scientific Reports" jurnalında dərc edilib.

Məqalədə qeyd edilir ki, malyariya xəstəliyindən hər il milyonlarla insan vəfat edir və bu sahədə uzun illər tədqiqatlar aparılsa da, xəstəlik əleyhinə etibarlı vaksin hələ də mövcud deyil. Vurğulanır ki, "Plasmodium falciparum" parazitinin mürəkkəb quruluşa malik olan Pfs48/45 zülalı malyariya vaksini üçün əsas namizəddir. Belə ki, uzun illər ABŞ və digər ölkələrdə müxtəlif kompaniyalar, eləcə də universitetlər tərəfindən Pfs48/45 zülalını aktiv halda sintez etmək cəhdləri müvəffəqiyyətsiz olub.

Məqalədə T.Məmmədovun yeni yaradılmış "Endo H" bakterial enzimi ilə şəkərsiz zülal texnologiyasından istifadə etməklə ilk dəfə yaşıl bitki yarpaqlarında malyariya xəstəliyinə qarşı etibarlı vaksinin yaradılması haqqında məlumat verilir. Məqalənin abstraktında qeyd olunur ki, "Endo H" in vivo enzimatik deqlikozilə edilmiş Pfs48/45 zülalı milyonlarla insanın həyatını xilas etmək potensialına malik olan malyariya vaksininin yaradılması üçün perspektlivli namizəddir. Bildirilir ki, yaşıl bitki yarpaqlarından uğurla sintez edilmiş malyariya vaksininin effektivlik testi ABŞ-da Səhiyyə Milli İnstitutunda (NIH) sınaqdan keçirilib. Belə ki, ilk dəfə yaşıl bitki yarpaqlarında 100 faiz ötürülməni bloklama aktivliyinə malik malyariya vaksini yaradılıb. Pfs48/45 zülalının sınaqlardan sonra kommersiyalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, alınan nəticələr 2017-ci ildə beynəlxalq patent şəklində öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.