“Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib 04.07.2019 15:20 / KONFRANSLAR, İCLASLAR

İyulun 4-də AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun əməkdaşları və çinli alimlər iştirak ediblər. 

Konfransı institutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov açaraq Çin Sosial Elmlər Akademiyasının (SEA) İqtisadiyyat İnstitutu ilə mövcud əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə konfranslar və layihələrdən söz açıb.

Sonra akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanla Çin arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf tarixindən danışıb. Bildirib ki, son vaxtlar rəsmi Pekinin yüksək iqtisadi inkişafı onu Asiyada və dünyada qüdrətli ölkəyə çevirib. Akademik ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri ilə iki dövlət arasında əlaqələrin əsasının qoyulduğunu, 2015-ci ildə isə Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə münasibətlərin daha da möhkəmləndiyini, inkişaf etdirildiyini söyləyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini tam dəstəkləyir, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri bu layihəni tamamlayır. Azərbaycan Çinlə Avropa arasında bir körpüdür və iki ölkə arasında artan əlaqələr böyük perspektivlərə malikdir”.

İqtisadi əlaqələrin inkişafının elmi əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını deyən İ.Həbibbəyli AMEA ilə Çin Elmlər Akademiyası, habelə institutlar arasında sıx münasibətlərin olduğunu, Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Sonra Çin SEA Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin “Çində istehlak, gəlir bölgüsü və inkişafın yeni mərhələsi”, Çin SEA Sosiologiya İnstitutunun direktoru Cen Xuanjinin “Sosial tədqiqatlar üçün metodologiyaya sadə giriş: gəlirlərin bölgüsü nümunəsində”, həmin müəssisənin əməkdaşı Tian Fenqin “Virtual cəmiyyətdə davranışın sosioloji təhlili” və AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın “Çində və Azərbaycanda şəbəkə hazırlığı indeksinin müqayisəli təhlili” mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.