“2018-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilib 12.06.2019 17:20 / KONFRANSLAR, İCLASLAR

İyunun 12-də AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan “2018-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiya keçirilib.  

Tədbiri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq ulu öndərin 1969-cu ildə respublikada hakimiyyətə gəlməsi ilə ölkəmizin taleyində yeni mərhələnin başladığını və inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, ümummilli liderin Azərbaycan elminin inkişafında, milli kadr potensialının formalaşmasında, ana dilimizin qorunması və inkişafında mühüm xidmətləri olub. Akademik, həmçinin ulu öndərin ölkəmizdə maddi-mədəni irsin qorunmasında, təbliğində, eləcə də arxeologiya və etnoqrafiya elmlərinin inkişafında misilsiz işlər gördüyünü bildirib.

O, bu gün arxeoloji irsimizin qorunub saxlanılmasının, bərpa edilməsinin, cəmiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıb. Bundan əlavə, regionlarda arxeoloji muzeylərin, o cümlədən açıq səma altında muzeyin yaradılmasının önəmli olduğunu söyləyib.

N.Axundova Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən respublikanın bütün regionlarında arxeoloji qazıntıların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, tarixi faktların monoqrafiyalar və məqalələrdə öz əksini tapdığını deyib.

Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O, 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya sektorunun təşkil edildiyini və ölkənin bütün bölgələrinə arxeoloji və etnoqrafik ekspedisiyaların göndərildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə arxeoloji və etnoqrafik tədqiqatların 100 ildən artıq tarixinin olmasına baxmayaraq bu sahələrdə inqilabi inkişafa yalnız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, ötən əsrin 70-80-ci illərində nail olunub.

Onun sözlərinə görə, arxeoloqlarımızın apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib: “Həmin dövrdə ölkəmizin bütün rayonlarında Tarix Diyarşünaslıq muzeyləri yaradılıb, qədim və yaxın tariximizin ən gözəl nümunələri nümayiş etdirilmək, qorunmaq və tədqiq edilmək üçün bu muzeylərdə toplanılıb”.

Ulu öndərin tarixi abidələrə və arxeoloji qazıntı sahələrinə şəxsən səfərlər etdiyini deyən M.Rəhimova ümummilli liderin təşəbbüsü ilə 1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarın qəbul olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, ulu öndərin hələ SSRİ dövründə Naxçıvanda Qarabağlar türbəsinin, Qusar rayonundakı Həzrə türbəsinin, o cümlədən Şamaxı Cümə məscidinin təmir-bərpa olunmasında qətiyyət göstərdiyini vurğulayıb. Alim bu gün Prezident İlham Əliyevin də ölkəmizdə arxeologiya və etnoqrafiya elmlərinin inkişafına böyük diqqət yetirdiyini, yeni tarixi-etnoqrafik muzeylərin yaradılması barədə sərəncamlar imzaladığını söyləyib.

M.Rəhimova, həmçinin bu gün Yaponiya, Cənubi Koreya, ABŞ, Fransa, Almaniya, İtaliya və s. ölkələrin mütəxəssisləri ilə təşkil edilən birgə beynəlxalq ekspedisiyaların milli arxeologiyamızın dünya səviyyəsində tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Elmi sessiyanın rəsmi açılışından sonra seksiyalarda 2018-ci ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatlar üzrə məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.