“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AR Prezidentinin Fərmanı 12.06.2019 09:27 / KONFRANSLAR, İCLASLAR

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə qərara alıram:

1. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə uyğun olaraq, dosent və professor elmi adları barədə attestatların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq, ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 7.9-cu bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.9-cu bəndinə uyğun olaraq, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354) 2-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.