Akademik Rafael Hüseynov UNESCO-da “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” beynəlxalq Forumunun panel müzakirələrində iştirak edib 16.05.2019 10:36 / KONFRANSLAR, İCLASLAR

Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı beynəlxalq Forumun “Türk sivilizasiyası və onun dünya mədəniyyətinə töhfələri” adlı ikinci panelində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkandakı dəyərlər, tendensiyalar, azərbaycanlı mütəfəkkirlər haqqında fikirlərini bölüşüb.

Paneldə böyük mütəfəkkir İmadəddin Nəsiminin fəlsəfi düşüncələri, onun təsir dalğalarının Orta Asiyadan Qafqaza, Anadoludan ərəb ölkələrinə qədər yayılması diqqətə çatdırılıb.

Akademik R.Hüseynov Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu bildirərək qeyd edib ki, 650 yaşı tamam olan İmadəddin Nəsimi şəxsiyyəti və yaradıcılığı Böyük Çöldəki intellektual və mədəni əlaqə və qarşılıqlı bəhrələnmələrin bir neçə istiqamətinə işıq salır.

O, orta əsrlər boyunca Nəsimi tərənnümçülərinin Böyük Çöl ədəbi inkişafına verdiyi töhfələrdən söz açıb, həmin dövrlərdə fəaliyyət göstərmiş və təriqət və dini-fəlsəfi cərəyanlardan danışıb.

R. Hüseynov Nəsiminin əvəzedilməz olduğunu, onun dilinin aydınlığı və melodizmi, ən mürəkkəb düşüncələri də klassik Şərq poetikasının “səhl-i mümtənə” (Əlçatmayan sadəlik) düsturuna uyğun olaraq anlaşıqlı tərzdə ifadə edilə bilməsini və şeirlərinin hər birinin nəğmə kimi ahəngdar olduğunu diqqətə çatdırıb. R.Hüseynov Azərbaycanlı mütəfəkkirin Böyük Çöl sivilizasiyasına, mədəniyyətinə verdiyi töhfələrdən də bəhs edib, Mərkəzi Asiyadakı ədəbi transferin Nəsimi timsalındakı hüdudlarını müəyyənləşdirmək üçün bir-birindən uzaq məsafələrdə yaşayıb-yaratmış Həbibi, Xətai, Füzuli kimi zirvə şairlərin yazdıqlarını xatırladıb.

Forumun panel müzakirələrində ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Niderland, Türkiyə, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan universitetlərinin tədqiqatçıları Böyük Çölün əhatə etdiyi türkdilli xalqların tarixi, mədəniyyəti, dünya mədəniyyət xəzinəsinə töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində təşkil olunmuş üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələr elmi cəhətdən müzakirə edilib, müzakirələr zamanı “Türk tarixi” xəritəsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.