Azərbaycanın qədim metallurgiyasına və metalişləmə sənətinə həsr olunan monoqrafiya çapdan çıxıb 14.05.2019 10:14 / KONFRANSLAR, İCLASLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji texnologiya sektorunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun “Azərbaycanda qədim metallurgiya və metalişləmə” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya Azərbaycanda qədim metallurgiya və metal istehsalının yaranması və inkişafı mərhələlərinin tədqiqinə həsr edilib. Kitabda Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş zəngin maddi mədəniyyət nümunələri əsasında erkən metallurgiyanın xammal mənbələri, qədim dağ-mədən işi, metaldan istifadə vərdişlərinin formalaşması, onun inkişaf mərhələlərinin xarakterik xüsusiyyətləri və metal məmulatlarının geniş tipoloji təsnifatı verilib.

Nəşr dörd fəsildən ibarətdir. İlk fəsil qədim metallurgiya və metalişləmə sənətinin öyrənilmə tarixi və tarixşünaslığına həsr olunub.

Əsərin ikinci fəsli qədim metallurgiya və metalişləmə sənətinin xammal mənbələri və dağ-mədən işi  barədədir. İkinci fəsildə xammal mənbələri, qədim dağ-mədən işi, onun texniki üsulları və əmək alətlərindən söz açılır. 

Üçüncü fəsildə eneolit, ilk tunc və orta tunc dövrlərində Azərbaycanda metallurgiya və metalişləmə sənətinin yaranması və inkişaf mərhələləri mövzusu işıqlandırılıb.

Elmi-tədqiqat işinin dördüncü fəslində isə son tunc dövründə metallurgiya və metalişləmə sənəti kontekstində metal emaletmə vasitələri, metal əşyaların tipoloji təsnifatı, silahlar, əmək alətləri, bəzək əşyaları və tunc əşyalarının istehsalının texniki üsulları təhlil edilib.

Nəşrə eneolit, ilk, orta və son tunc dövrü metal əmək alət­lə­rinin, bəzək əşyalarının və silahların spektral analizlə müəyyən edilmiş kimyəvi tərkibini göstərən cədvəllər, metal ma­te­ri­al­la­rın təs­vi­rin­dən iba­rət tab­lo­lar əla­və olunub.

Əsərin elmi redaktorları AMEA-nın müxbir üzvü Vəli Əliyev və professor Maisə Rəhimova, elmi rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudovadır.

Monoqrafiya arxeologiya, tarix, paleometallurgiya üzrə mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.