İkinci xüsusi şöbədə “Nüvə energetikası və təhlükəsizlik problemləri” mövzusunda elmi məruzə dinlənilib 03.05.2019 15:38 / KONFRANSLAR, İCLASLAR

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri, həmçinin hərbiləşdirilməmiş MM qüvvələrinin kəşfiyyat manqalarının komandirləri iştirak edib.

Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətə çatdırıb. O, AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, eləcə də Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarına əsasən təşkil olunduğunu bildirib. O, 193 nömrəli Qərarda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkilinin, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatının, eləcə də belə şəraitdə idarəetmənin təşkili kimi əsas göstərişlərin öz əksini tapdığını söyləyib.

E.Quliyev, həmçinin Nazirlər Kabinetinin 1993-cü ildə qəbul etdiyi "Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin Müşahidə və Laboratoriya Nəzarəti Şəbəkəsi haqqında" Qərardan çıxış edərək AMEA-nın Neft-Kimya ProsesləriKataliz və Qeyri-üzvi Kimya institutlarında müşahidə laboratoriyalarının qurulduğunu bildirib. Bundan əlavə, 2003-cü ildə ABŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təşəbbüsü ilə Radiasiya Problemləri İnstitutunda Radiokimya laboratoriyasının yaradıldığını diqqətə çatdırıb. O, bu laboratoriya tərəfindən respublikanın radiasiya vəziyyətinin öyrənildiyini və daima nəzarətdə saxlanıldığını vurğulayıb.

Bu gün Ermənistana məxsus Metsamor Atom Elektrik Stansiyasının (AES) region üçün ən böyük nüvə təhlükəsi olduğunu, təhlükəsizlik kriteriyalarına cavab vermədiyini xatırladan şöbə rəisi əhalinin bu sahədə məlumatlandırılmasının, həmçinin ehtiyat tədbirlərin görülməsinin və baş verə biləcək təhlükənin təsirlərinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb.

Daha sonra Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın “Nüvə energetikası və təhlükəsizlik problemləri” mövzusunda elmi məruzəsi dinlənilib. Alim qeyd edib ki, enerji təhlükəsizliyinin təmin olunması məsələsi dünya dövlətlərinin qarşısında duran əsas problemlərdən biri, milli dövlət maraqlarının əsas hissəsidir. O, hazırda dünya dövlətlərinin enerji çatışmazlığı problemi ilə üz-üzə qaldığını və alternativ enerji mənbələrinin - külək, günəş, dalğa, biokütlə və s. aşkarlanması, istismara verilməsi istiqamətində böyük işlər gördüklərini söyləyib: "Nüvə enerjisi alternativ enerji mənbəyi kimi geniş istifadə imkanlarına malikdir və hazırda dünyada hasil olunan enerji ehtiyatlarının 40 faizdən çoxu AES-lərin payına düşür".

R.Mehdiyeva AES-lərin böyük istehsal gücünə malik olduğunu, istehsal edilən elektrik enerjisinin maya dəyərinin ucuz başa gəldiyini söyləyib. Alim bu gün dünyada AES-ə malik 31 ölkənin olduğunu, 18 ölkənin isə inşa etdiyini diqqətə çatdırıb. Bundan əlavə, neft, kömür, qaz kimi üzvü xarakterli enerji mənbələrinin dünyanın energetik tələbatının təqribən 80 faizini təmin etdiyini bildirib. Qeyd edib ki, bunların istifadəsi nəticəsində atmosferə külli miqdarda karbon buraxılır və nəticədə qlobal ekoloji problemlər yaranır.

Azərbaycanın coğrafi mövqeyinə görə nüvə texnologiyalarına malik ölkələrlə qonşu olduğunu, Şərq-Qərb nəqliyyat qapısında yerləşdiyini deyən alim respublikamızın nüvə və radiasiya təhlükəsi faktorlarının təsirinə məruz qala biləcəyini vurğulayıb.

O, nüvə energetikası və texnologiyalarının inkişafı, onlarda baş verən qəzalar, sənaye və digər istehsalat proseslərini əhatə edən texnogen fəaliyyətlər nəticəsində yaranan nüvə və radiasiya təhlükəsizliyinin müasir dövrün vacib elmi-texniki problemlərindən olduğunu deyib. Bildirib ki, XXI əsrin ən qorxulu nüvə qəzası hesab olunan Fukusima hadisələrindən sonra keçirilən Vaşinqton, Seul və Haaqa Sammitlərinin əsas məqsədini dünyada nüvə energetik sistemlərinin, nüvə və radioaktiv materialların istifadə və saxlanılması təhlükəsizliyinin artırılması, nüvə terrorizminin qarşısının alınması üçün beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi təşkil edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.

Daha sonra aprel ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.