Məktəblilər üçün “Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları” mövzusunda seminar keçirilib 15.04.2019 16:30 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonu 232 saylı orta məktəbin şagirdləri üçün “Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları” mövzusunda seminar keçirilib.

Tədbiri institutun direktoru, akademik Ramiz Məmmədov açaraq seminarın ənənə halını aldığını, bu cür görüşlərin gənclərdə elmə marağın artmasına xidmət etdiyini, gələcəkdə onların peşə seçimində müsbət rol oynaya biləcəyini deyib. O, həmçinin institutda aparılan elmi işlərdən, çöl tədqiqatlarından, yeni əhəmiyyətli nəşrlərdən, coğrafi problemlərdən və s. söhbət açıb.

Sonra c.ü.e.d. Rəna Bəyim Qaşqay, c.ü.e.d. Zakir Eminov, c.ü.f.d. Habil Haqverdiyev və c.ü.f.d. Samirə Ələkbərova çıxış edərək coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, eləcə də siyasi və iqtisadi coğrafiya, demoqrafiya və əhali coğrafiyası, Azərbaycanın iqtisadi rayonları və s. haqqında məlumat veriblər.

Daha sonra c.ü.f.d. Elina Kərimova və c.ü.f.d. Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış edib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.