Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib 10.04.2019 09:51 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və bölmənin Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə oxunması zəruri olan kitablar siyahısına daxil olan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli yazıçı-publisist və maarifçi-pedaqoq Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs edib, ədibin fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 15 fevral 2016-cı il tarixli sərəncamı ədibin irsinin tədqiqi və təbliğinə geniş şərait yaradıb.

Sonra institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Eynəli bəy Sultanovun publisistik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Eynəli bəy Sultanov öz bədii əsərləri ilə yanaşı publisistik yaradıcılığında da daim xalqımızın maariflənməsinə, ziyalı kimi yetişməsinə çalışıb, bu yolda fədakarlıq göstərib. Qeyd olunub ki, ədibin “Keçmiş haqqında iki kəlmə”, “Naxçıvan şəhərində kişi gimnaziyasının açılması haqqında”, “Novruz bayramı”, Suallar və cavablar”, “Naxçıvan məktubları” silsiləsindən dərc edilən məqalələrində müəllifin daxilindəki Vətən sevgisi, xalqının maariflənməsi istiqamətindəki fəaliyyəti diqqəti cəlb edir.

Daha sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək ədibin məqalələrinin həmin dövrün hadisələrinə işıq tutması baxımından qiymətli mənbə olduğunu söyləyib.

Tədbirin sonunda Eynəli bəy Sultanovun həyat və fəaliyyətini əks etdirən “Onun həyat amalı” filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.