Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Azərbaycan Respubli­kası Naxçıvan şəhərində anadan olmuşdur.

 1954-cü ildə Azərbaycan Dövlət Uni­versitetini (BDU) bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

 1954-2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspi­rant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA FRTE Bölməsinin aka­de­mik-katibi (1980-1997), AEA prezidenti (1997-2000) olmuşdur.

1994-2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, 1995-2000-ci illərdə Milli Məclisin üzvü olmuşdur.  

F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tən­liklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur. Azalan po­ten­siallı Şredinger operatorunun müsbət məxsusi ədədlərinin ol­maması haq­qında yeni meyar vermişdir. Eksponensial azalan kompleksqiy­mətli poten­sial­lar halında yarımoxda sərhəd şərtinə parametr daxil olduqda Şturm-Liuvill operatorunun tam spektral analizini vermişdir. Bir ölçülü Dirak sistemi üçün həqiqi əmsallar halında tərs məsələni – səpilmə matrisinə görə operatorun bər­pası məsələsini həll etmişdir. Öz-özünə qoşma olmayan operator-funksiyanın rezolventinin kəsilməz spektrdən analitik davam oluna bilməsini göstərmiş, məxsusi ədədlərin, spektral məxsusiyyətlərin və kvazi­stasionar vəziyyətlərin ətrafında rezolventanın baş hissəsi üçün aşkar düstur tapmışdır.

Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş tədqi­qat­larında özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv üsullar işləyib hazırlamışdır. Neftin yeraltı laylardan sıxış­dırılıb çıxa­rılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün üsul təklif etmişdir. Onun təşəb­büsü ilə Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yara­dıl­mışdır.

F.Maqsudov 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifidir. Rəh­bərliyi altında 100-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.

1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri, 1997-ci ildə İslam Akade­miyasının həqiqi üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının ya­ran­ması və formalaşmasında böyük xidmətləri olmuşdur.

1983-cü və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatı, 1994-cü ildə H.Z.Tağıyev adına mükafatın laureatı olmuş, 1986-cı ildə “Xalqlar dost­luğu” ordeni, 2000-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Fərəməz Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiya­banda dəfn edilmişdir.

 (1930-2000)