Salayev Eldar Yunus oğlu 1933-cü il de­kabrın 31-də Naxçıvan şəhərində ana­dan ol­muş­dur. 1956-cı ildə Azərbaycan Dövlət Uni­ver­sitetinin Fizika-riyaziyyat fakültəsini bitir­miş­dir. Fizika üzrə fəlsəfə doktoru (1963), fizi­ka üzrə elmlər doktoru elmi dərəcəsini (1975), professor elmi adını (1979) almış, 1980-ci ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə hə­qi­qi üzvü seçil­mişdir.

Əmək fəaliyyətinə AMEA Fizika İnstitu­tunda başlayaraq kiçik elmi işçi, elmi katib, la­bo­ratoriya müdiri, direktorun elmi işlər üzrə müavini, SSRİ Müdafiə Səna­yesi Nazirliyinin Elmi-tədqiqat Tətbiqi Fizika İnstitutunun və sonra Elmi-tədqiqat Fotoelektronika İnstitutunun direktoru, AEA-nın prezidenti (1983-1997), SSRİ xalq deputatı (1984-1992), Azər­baycan Milli Məclisinin deputatı olmuşdur.      

E.Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahə­sində görkəmli alimdir. O, başlıca olaraq yeni mürəkkəb yarımke­çirici­lərin alın­ması, fundamental tədqiqi, onlar əsasında yeni cihazların yaradıl­ma­sı və xalq təsərrüfatına tətbiqi ilə məşğul olmuşdur. Laylı kristallarda və darzolaqlı ya­rım­keçi­ri­cilərdə aldığı yeni fundamental nəticələr çox geniş və xüsusi tətbiq oblastla­rına malik, spektrin ultrabənövşəyi görünən və 30 mkm-dək infra­qırmızı ob­lastlarında işləyən fotoqəbuledicilərin, elektron optik çevirici­lərin yaradılma­sı­na nail olmuşdur. Rəhbərliyi altında 1973-cü ildə Bakıda xü­susi təyi­natlı fotoqə­bul­edicilər, elektron-optik çeviricilər, elektron mikroso­yuducu­ları, bu cevirici­lə­rin metrologiyası üçün cihazlar layihələşdirən və tədqiq edən, onların tam istehsalını, sınağını və sənaye miqyasında tətbiqini həyata keçirə bi­lən keçmiş ittifaqda yeganə Fotoelektronika İnstitutu yara­dılmış və qısa müddətdə dünya standartları səviyyəsində yeni fotoqəbuledi­ci­lər, gecə gör­mək üçün elektro-optik çeviricilər, mənfi 120-130°C-dək soyut­ma verən elek­tron mikrosoyudu­cular, metrologiya və ölçmə texnikası sahə­sində cihazların müx­təlif təyinatlı növləri işlənilmiş və institutun təcrübə zavo­dunda tam isteh­salı təşkil edilmişdir. Yaradılmış yeni cihazlar keçmiş İttifaqın müxtəlif zavodla­rında seriya ilə isteh­salata tətbiq olunmuşdur. İnstitutda buraxı­lan material, cihaz və qurğuların hamısı institutun öz layihələri olmuş, dövlət sifarişi ilə yerinə yeti­rilmiş və əksər hal­larda xüsusi ekstremal şəraitdə işlə­mək üçün nə­zərdə tutul­muşdur. Bu cihazlar Kurçatov adına Atom enerji institutunda termo nüvə sintez zamanı yüksək temperaturlu plazmaya nəzarət qurğusu, lazer nişanlan­ma sistemi, yerin təbii sərvətlərini tədqiq edən “Kos­mos”, “Resurs-01”, “Resurs-09” kosmik aparatları, Mars planeti və onun Fobos peykini tədqiq edən “Fobos” avtomatik stansiyası, müxtəlif markalı və təyinatlı pilotsuz sis­temlər, 1984-cü ildə birinci dəfə Moskva şəhəri və vila­yətinin istilik xəritəsini çəkən uçan aparat, müxtəlif raket, təyyarə və yerüstü döyüş maşınlarında və s. müvəffəqiyyətlə istifadə olunmuş­dur. İnstitutun tex­nologiyası və iştirakı ilə ilk dəfə olaraq kosmik aparatda çəkisizlik şəra­itin­də müxtəlif yarımkeçirici­lərin kristalları göyərdilmişdir.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” ordeni və Azərbaycan Respub­likasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Dövlət Mükafatı Laureatı, akademik Vavilov adına, H.Z.Ta­ğıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.